Preeklampsiya (hamiləlik zəhərlənməsi) nədir?

Müəllif: Dr. Vüsalə Rüstəmova, cərrah mama-ginekoloq, Bakı.

Preeklampsiya hamiləliyin 20-ci həftəsindən sonra meydana çıxan, arterial təzyiqin yüksəlməsi və sidikdə zülalın artması ilə xarakterizə olunan ağırlaşmadır. Həm ana, həm də körpə üçün ciddi fəsadlar yarada bilər. İnkişaf etmiş ölkələrdə ana ölümünə səbəb olan faktorlar arasında ön sıralardadır.

Əsas əlamətləri

  • Arterial təzyiqin 140/90 mm c.süt.-dan yüksək olması
  • Sutkalıq sidikdə zülalın miqdarının çox olması — proteinuriya
  • Bədəndə və ətraflarda ödemlər

Erkən aşkarlanma mümkündürmü?

Bu ağırlaşmanın qarşısını vaxtında almaq mümkündür. Hamiləliyin 12-ci həftəsində aparılan doppler müayinəsi və müntəzəm həkim nəzarəti ilə riskləri minimuma endirmək olar. Vaxtında aşkarlandıqda vəziyyət nəzarət altına alına bilər.

"Şikayət yoxdur" ≠ "risk yoxdur"

Hamiləlikdə hər şey normal görünə bilər, amma bəzi risklər yalnız analizlərlə üzə çıxır. Preeklampsiya vaxtında aşkarlanmadıqda ciftin funksiyasına və dölün inkişafına təsir edə bilər. Buna görə təzyiq ölçülməsi və sidik analizi hər qəbulun ayrılmaz hissəsidir.

Kimlərdə risk daha yüksəkdir?

  • Əvvəlki hamiləlikdə preeklampsiya keçirənlər
  • Xroniki hipertoniyası olanlar
  • Şəkərli diabet və böyrək xəstəliyi olanlar
  • Çoxdöllü hamiləlik
  • Ananın yaşının 35-dən yuxarı olması

Risk qrupunda olmaq preeklampsiyanın mütləq inkişaf edəcəyi mənasına gəlmir — bu, daha sıx nəzarət deməkdir. Ətraflı: Hamiləliyin təqibi və riskli hamiləlik.

Sidikdə zülal varsa yumurta yemək olarmı?

Bəli. Bu, hamilələrin ən çox verdiyi və təəssüf ki, ən çox yanlış bilinən suallardan biridir.

Əksinə: sidikdə zülal itkisi olduqda orqanizm zülal itirir. Bu itirilən zülal defisitini bərpa etmək üçün qidalanmada yumurta kimi keyfiyyətli zülal mənbələrinə ehtiyac artır. Fərdi qidalanma planı həkimlə razılaşdırılır. Ətraflı: Hamiləlikdə qidalanma.

Nə vaxt təcili müraciət etməlisiniz

Şiddətli baş ağrısı · gözlərdə qaralma və ya işıqlanma · qarnın yuxarı hissəsində ağrı · üzdə və əllərdə qəfil ödem · dölün hərəkətlərinin azalması · qusma ilə birlikdə yüksək təzyiq. Gözləməyin — dərhal klinikaya müraciət edin və ya 103-ə zəng edin.

Ən çox verilən suallar

Əvvəlki hamiləliyimdə preeklampsiya olub. Təkrarlanacaqmı?

Təkrarlanma mümkündür, lakin bu, nəzarət altına alına bilən bir vəziyyətdir. Belə hamiləliklər daha sıx izlənir və plan əvvəlcədən qurulur.

Preeklampsiya mütləq erkən doğuş deməkdirmi?

Xeyr. Bəzi hallarda doğuşun vaxtından əvvəl aparılması lazım gəlir, lakin bu qərar ananın və dölün o andakı vəziyyətinə görə verilir.

Təzyiqim normaldır, ödem var. Bu preeklampsiyadırmı?

Ödem təkbaşına diaqnoz qoymur. Preeklampsiya diaqnozu üçün təzyiq və sidikdə zülal birlikdə qiymətləndirilir.

Evdə təzyiq ölçməliyəmmi?

Risk qrupundasınızsa, evdə müntəzəm ölçmə faydalı ola bilər. Qeyd aparın və nəticələri qəbula gətirin.

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.

Yenilənib: · Müəllif: Dr. Vüsalə Rüstəmova

Müntəzəm nəzarəti təxirə salmayın

Baku Medical Plaza — Medilux filialı · Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu, Bakı.